Əvvəl çəyirtkələr qırıldı... – Qorxulu siqnal | Elm

      Əvvəl çəyirtkələr qırıldı...    – Qorxulu siqnal    | Elm
  26 İyun 2023    Oxunub:2722
2020-ci ildə aparılan bir araşdırmaya görə, 21-ci əsrin ilk 20 ilində çəyirtkələrin populyasiyası təxminən 30% azalıb. Əsas günahkar karbon qazıdır. Onun atmosferdəki miqdarı bəşəriyyət tarixində ən yüksək səviyyəyə çatıb. Bu, fosfor və digər mikroelementlərin çatışmazlığını yaşamağa başlayan bitkilərə birbaşa təsir göstərir.
Alimlər "qida maddələrinin tərkibinin seyrəlməsi" adlanan proseslə bağlı bir sıra araşdırmalar aparıblar. Onlardan biri göstərib ki, atmosferdə karbon qazının 200 ppm artması bitki kütləsini təxminən 18% artırır, amma eyni zamanda onların azot, zülal, sink və dəmir tərkibini azaldır. Tərəvəzlər karbonla zəngin şəkərlərin əlavə edilməsi ilə daha şirin və dadlı olsalar da, zülal, nitrat, maqnezium, dəmir və sinki 10-20% itirirlər. Oklahoma Universitetinin ekoloqu Maykl Kaspari bu effekti doyumlu kələm salatını bir boşqab buzla dəyişməyə bənzədir.

Alimlər əlavə karbon qazının qida maddələrinin tərkibini necə dəyişdirdiyini hələ dəqiq bilmirlər. Versiyalardan biri bitkilərin "açıq ağız" adlanan kiçik məsamələri ilə bağlıdır. Onlar şəkər istehsalı üçün karbon dioksidi udmağa imkan verir. Ətrafda çoxlu CO2 varsa, məsamələri tez-tez açmaq lazım deyil. Müvafiq olaraq, bitkilər buxarlanma zamanı bu dəliklərdən daha az nəm itirməyə başlayırlar. Nəticədə köklərdən yuxarıya doğru daha az maye hərəkət edir. Mikroelementlər torpaqdan götürüldüyü üçün onların daha az hissəsi gövdə və yarpaqlara çatır. Oxşar proses, ehtimal ki, ağaclarda, alaq otlarında və digər yabanı növlərdə də baş verir.

Heyvanlar və həşəratlar mikroelementlərə ehtiyac duyurlar. Bəzi minerallar - məsələn, natrium,- onların sinir sisteminin və əzələlərinin normal işləməsi üçün vacibdir. Yod olmadan qalxanabənzər vəz işləməyəcək. Müvafiq olaraq, qida maddələrinin tərkibinin seyrəlməsi otyeyənlərə təsir edə və həşəratların sayını azaltmağa səbəb ola bilər.

ABŞ-ın Merilend Universitetinin Ətraf Mühit Elmləri Mərkəzinin ekoloqu Endryu Elmor yazır: “Həşəratlar qidalanma səbəbilə stress keçirdikdə yetkinliyə gec çatır, çoxalmırlar. Buna görə də populyasiya azala bilər”.

Maykl Kaspari və həmkarları 2020-ci ildə ilk dəfə bitkilərdə qida maddələrinin seyrəlməsini həşərat populyasiyasında nəzərəçarpacaq dərəcədə azalma ilə əlaqələndirdilər. Tədqiqatın obyekti ABŞ-ın Kanzas ştatının şimal-şərqindəki təbii ərazi oldu. Burada otlar, kollar, ağaclar bitir, gəmiricilər, quşlar, kərtənkələlər, marallar yaşayır.
Alimlər preriyanın çöl florasını 30 ildən çox müşahidə ediblər. Məlum olub ki, 1980-ci illərin ortalarından 2016-cı ilə qədər bitki biokütləsi artıb, lakin azot, fosfor, kalium və natriumun miqdarı azalıb. Buna görə çəyirtkə populyasiyası hər il 2%-dən çox aşağı düşüb. Bu proses qida zəncirinin yuxarı hissəsindəki canlılara təsir göstərə bilər. Məsələn, çöldəki sərçə populyasiyası yaxın 100 il ərzində tamamilə yox ola bilər.

Çəyirtkələrlə digər quş növləri, qurbağalar və kərtənkələlər qidalanır. Əgər onların kifayət qədər qidası yoxdursa, o zaman Yerin faunası seyrəlməyə başlayacaq ki, bu da dünyadakı bütün qida zəncirinə təsir göstərə bilər.

Bunu 1958-1960-cı illərdə Çində baş verən hadisə sübut edir. “Böyük Sıçrayış” siyasəti çərçivəsində taxılla qidalandıqları üçün kənd təsərrüfatına ciddi ziyan vuracağı düşünülən sərçələrin məhv edilməsi qərarı verildi. Ancaq sərçələrin məhv edilməsi gözlənilməz nəticələrə səbəb oldu. Quşların olmaması səbəbindən ziyanverici həşəratlar kütləvi şəkildə çoxalmağa başladı. Nəticədə Çinin kənd təsərrüfatı böyük çətinliklərlə üzləşdi. Məhsul azaldı, aclığa və iğtişaşlara səbəb oldu.

Tədqiqatçılar qida maddələrinin tərkibinin seyrəlməsinin mal-qaraya necə təsir etdiyini hələ başa düşə bilməyiblər. İqlim dəyişikliyinin müxtəlif təsirləri nəticələri müəyyən etməyi çətinləşdirir. Bəzi orqanizmlər bu prosesdən faydalana bilər, digərləri isə risk altındadır.

Samir Quliyev
AzVision.az



Teqlər: Elm  





Xəbər lenti